Rusiya moda sənayesi hazırda ən ağır günlərini yaşayır: sanksiyalar artır, rusiyalı modelyerlər dünyada keçirilən podiumlara buraxılmır.
Axşam.az rus mediasına istinadən xəbər verir ki, hazırda Rusiyada ilk Moskva Moda Həftəsinin yaradılmasına qərar verilib. Meriya bu hadisənin sənaye üçün əlamətdar olacağına əmindir. Bildirilib ki, tədbirin iyunda Zaryadye parkında keçirilməsi nəzərdə tutulub. Layihədə təkcə dizaynerlər deyil, həm də salonların sahibləri, geyim, parça və aksessuar istehsalçıları, eləcə də ixtisaslaşmış təhsil müəssisələrinin nümayəndələri iştirak edəcəklər. Kolleksiyalar podiumda nümayiş etdirilərkən, layihə iştirakçıları pərakəndə satıcılarla işgüzar danışıqlar apara biləcəklər. Təşkilatçılar dizaynerlərə nəinki özlərini və məhsullarını göstərmək, həm də əlavə pul qazanmaq imkanı vermək istəyirlər. Təşkilatçıların bu planı ilə isə modelyerlərin bəziləri razılaşmayıblar. Modelyer Eqor Zaytsev bildirib ki, bu çıxış yolu deyil. Onun fikrincə, hətta Qərb brendlərinin rəqabəti olmasa belə, Rusiya moda evlərinin boşaldılmış nişləri tutması indi çətindir - maliyyə və reklam problemləri buna təsir edir. Modelyer etiraf edib ki, məşhur atası Vyaçeslav Zaytsev artıq yeni Moskva Moda Həftəsinə hazırlaşır və yeni kolleksiyasını orada təqdim etmək istəyir. O, əlavə edib ki, reeklam platformaları (Rusiya Federasiyasında qadağan olunmuş sosial şəbəkələr) yoxa çıxıb və onlar üçün yenidən qurmaq çətindir: "Çox güman ki, indi yalnız bir Moskva Moda Həftəsi olacaq və dizaynerlər orada özlərini göstərə biləcəklər. Atam yeni kolleksiya hazırlayır. Hələ çox az şey məlumdur. Bizə ən azı 15 dəqiqə vaxt verirlər. Hələlik biz sadəcə potensial iştirakçıyıq". Milli Moda Palatasının prezidenti Aleksandr Şumski bildirib ki, bütün modelyerlər bundan xəbərdar deyil. Valentin Yudaşkinin həyat yoldaşı Marina qeyd edib ki, ideya maraqlı olsa da, qatılmayacaqlar: "Bu, daha çox gənc dizaynerlər üçün nəzərdə tutulan tədbirdir. Biz kiməsə nəyisə sübut etməliyik? Mən ölkəmiz üçün şadam, çoxlu istedadlı gənc dizaynerlərimiz var. Düşünürəm ki, belə bir moda həftəsinin baş tutması çox gözəldir və onlar nəyə qadir olduqlarını göstərə biləcəklər".