Hər il dəb dəyişir. 2024-cü ildə də moda aləmində dəyişiklikər, yeniliklər var. Bu dəfə də rənglər, materiallar, tərz baxımından bir çox dəyişikliklər var.
Modelyer Zümrüd Mirzəliyeva Axşam.az-a açıqlamasında 2024-cü ilin dəbindən danışıb. O bildirib ki, bu il bir neçə yox, çox sayda rəng aktual olacaq: "Hər il tünd rənglər dəbdədir, amma çalarlar dəyişir. Bu ilin rəngi açıq şəftəlidir. Dünyada robotlaşma gedir, insanlar isə təbii şeylərə qaçır. Bu rəng də doğal rəngdir. Torpağın və havanın qarışığı olan bu rəngin içində çox çalar var. Daha çox təbilik 2024-cü ilin dəbidir. Eyni zamanda bordo, yaşılın tünd və fıstığa çalar tonu, narıncı, sarı isə yaşıla çalar tonu aktual olacaq. Bu tonların adları və nömrələri olur. Hər il olduği kimi boz, qara və ağ rəng dəbdədir. Onları çox rahat kombin etmək olur. Buna görə də qarderobumuza baza geyimlər yığarkən bu üç rəngdən istifadə edin". Z.Mirzəliyeva ilin aktual olan parça növlərindən danışıb: "Parça olaraq cins dəbdir. Əslində bütün tendensiyalar tarixlə bağlıdır. Tarixdə hər zaman müharibə dövründə krep və cins ortaya çıxdı. Onu əldə etmək asan idi. İndi köhnə paltarları yeniləmək olar. Brendlər də buna əl atır. Bir neçə brend var ki, köhnə kolleksiyanı sökdü və yenisini düzəltdi. Hazırda podiumlarda, gecə geyimlərində cinsdən istifadə edilir. Qarderobunuzda qaşlı bir pencək varsa onu cinslə kompin edib, ziyafətə qatıla bilərsiniz. Qalın saçaqdan olan geyimlər də dəbdə olacaq. Dizaltı ətəklər aktualdır. Sadə olduğu qədər də şık görünürlər. Bir də uzun bermud şortlar dəbdə olacaq. Onları həm idman, həm də klassik tərzdə istifadə edə bilərsiniz. Bu cür şortiklə hündürdaban ayaqqabı daha məsləhətdir. Daha çox işləyən şəhər obrazı yaratmağınız lazımdır. Baletkalar da 2024-cü ildə önə çıxıb. Bunun əsas səbəbi isə uzun ətəklərin dəbdə olmasıdır. Qısa geyimlərə gəldikdə isə ya çox qısa olmalıdır, ya da dizdən aşağı. Orta qısa ətəklər artıq dəbdə deyil. Şalvarlara gəldikdə isə... Düz kəsim və aşağı bel şalvarlar dəbdədir. Aşağı bel kəsim üçün isə ideal bədən quruluşun olmalıdır. Gecə geyimlərində isə hər şey sadələşir. Əvvəl xanımlar gecə kombinlərində cinsdən istifadə etməzdilər. Amma indi cinsi gecə geyimlərinizdə də istifadə edə bilərsiniz. Əvvəl sadə ipli paltarda heç kim harasa getməzdi, indi şık ayaqqabı ilə kombin edib gedə bilərik. Bir paltarın üstündə əl işi olanda, baha başa gəlir. Ona görə də brendlər daha sadə ziyafət geyimləri hazırlayırlar. Dizayner geyimləri arxa planda qalıb". Modelyer məşhur brendlərin təbiəti çirkləndirməsi mövzusuna toxunub: "Təbiəti çirkləndirən sahələrdən biri də modadır. Çox brend var ki endirim etmir, geyimlərini küçəyə atır. Kolleksiyalar hər dəfə dəyişməlidir. Xaricdə bəziləri aparıb onları adalara töküb, yandırırlar. Bu da təbiəti çirkləndirir. Avropada hazırda ikinci əl mağazaları piar edib, dəbə salmağa çalışırlar. Məncə getdikcə ona doğru gedirik".