Noyabrın 4-də tanınmış dirijor, Xalq artisti, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru Yalçın Adıgözəlovun 65 yaşı tamam olub.
Axşam.az xəbər verir ki, bu münasibətlə Mədəniyyət Nazirliyində sənətkarla görüş keçirilib. Mədəniyyət naziri Adil Kərimli yubileyi münasibətilə musiqi xadimini nazirliyin kollektivi və mədəniyyət ictimaiyyəti adından təbrik edib, ona xoş arzularını çatdırıb. Bildirilib ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyeva tərəfindən ölkəmizdə mədəniyyətin digər sahələri kimi, musiqi sahəsinin də inkişafına davamlı diqqət və qayğı göstərilir. Musiqimizin inkişafında xidmətləri olan insanların əməyi yüksək qiymətləndirilir. Yalçın Adıgözəlov da bu sahədəki fəaliyyətinə görə “Xalq artisti” fəxri adına layiq görülüb, “Şöhrət” ordeni ilə təltif olunub. Qeyd olunub ki, Yalçın Adıgözəlov klassik repertuara malik çoxsaylı Bakı premyeralarının təşkilini və Azərbaycan bəstəkarlarının əsərlərinin dünyada aktiv təbliğatını həyata keçirərək, ölkəmizdə və xaricdə simfonik orkestrlərlə geniş konsert fəaliyyəti göstərib. Görüşdə Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə yubilyara nazirliyin Fəxri diplomu təqdim edilib. Yalçın Adıgözəlov yaradıcılığına verilən qiymətə və təbrikə görə təşəkkürünü bildirib. Söhbət zamanı musiqi sahəsinin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb. Qeyd edək ki, professor Yalçın Adıgözəlov 30 ilə yaxındır ki, Bakı Musiqi Akademiyasında pedaqoji fəaliyyətlə də məşğuldur. Onun tələbələri hazırda respublikanın aparıcı dirijorlarıdır. Xalq artisti 2023-cü ildən Heydər Əliyev Sarayının nəzdində fəaliyyət göstərən Niyazi adına Dövlət Simfonik Orkestrinin bədii rəhbəri-baş dirijorudur.