Azərbaycan Dövlət Kukla Teatrında vətənpərvərlik mövzulu daha bir tamaşa hazırlanıb.
Axşam.az xəbər verir ki, tamaşa “Yalquzaq” adlanıb. Yazıçı-dramaturq Məhbubə Hacıyevanın “Yalquzaq və Simurq quşunun nağılı” hekayəsi əsasında hazırlanan birhissəli uşaq tamaşanın səhnələşdirəni və quruluşçu rejissoru Anaxanım Abdullayeva, quruluşçu rəssamı İqbal Əliyev, bəstəkarı Əməkdar artist Vüqar Camalzadədir. Modern üslubda hazırlanan tamaşanın səhnə tərtibatında qum üzərində təsvirlər ön plana çıxıb. Beləcə, parket kuklalar (biri canlı plan olmaqla) və iri monitor vasitəsilə qum üzərində rəsmlərin sintezində (qumla rəsmlərin müəllifi Lalə Hüseynzadədir) vizual həllə nail olunub. Tamaşada rolları Rəhim Rəhimov (Ata qurd), Ramiz Qəmbərov (Yalquzaq), Səbinə Məmmədova (Ana Qurd), Nərmin Əhmədova (Simurq quşu), Araz Həsənli (Baybora) və Yasin Abbasov (Bala qurd) ifa edirlər. Nümunə düşmənlər tərəfindən yandırılaraq məhv edilmiş türk qəbiləsindən təsadüfən sağ qalmış azyaşlının qurdlar tərəfindən xilas olunması və böyüdülməsi hekayəsi üzərində qurulub.