Bakıda yaradıcılıq və mədəni müxtəlifliyi qeyd etmək üçün “EU4Culture” İncəsənət Festivalı keçirilir.
Axşam.az Apa-ya istinadən xəbər verir ki, iki gün davam edəcək tədbir Şərq tərəfdaşlığı regionunda yaradıcılığı, mədəni müxtəlifliyi və mədəniyyətlərarası mübadiləni təşviq edən Azərbaycanın və digər ölkələrin rəssam və mədəniyyət nümayəndələrini bir araya gətirəcək. Festival çərçivəsində Beynəlxalq Əlillər Günü münasibəti ilə tədbir keçirilib. Tədbirdə çıxış edən Avropa İttifaqının (Aİ) Azərbaycandakı səfiri Peter Mixalko bildirib ki, inklüzivlik hamıya aiddir və mədəniyyət özü inklüzivliyi təmin edir. O, tədbirin təşkilatçılarına və ideya müəlliflərinə təşəkkür edib.
Festival sosial inkişafda yaradıcılığın rolunu vurğulamaq məqsədi daşıyan tamaşalar, müzakirələr üçün unikal platforma təklif edir. İnklüziv çıxışlar və incəsənətin cəmiyyətə təsiri ilə bağlı panel müzakirələri vasitəsilə festival mədəni, sosial və ətraf mühit məsələlərini müzakirə etməyi hədəfləyir.