Azərbaycanın daha bir mədəni elementi UNESCO Siyahısına daxil edilib.
Axşam.az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb. Belə ki, 2-7 dekabr tarixində Paraqvayın paytaxtı Asunsion şəhərində keçirilən UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 19-cu sessiyasında “Azərbaycanda təndir sənətkarlığı və çörəkbişirmə” adlı milli nominasiya faylının UNESCO-nun Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilməsi qərara alınıb. Bununla da UNESCO-nun Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısında yer alan elementlərimizin sayı 24-ə çatdırılıb. Qeyd edək ki, “Azərbaycanda təndir sənətkarlığı və çörəkbişirmə” adlı nominasiya faylı Mədəniyyət Nazirliyi tərəfindən 2023-ildə Xarici İşlər Nazirliyi vasitəsilə UNESCO-ya təqdim edilib. Elementin siyahıya daxil edildiyi 19-cu Sessiyada Mədəniyyət Nazirliyi, UNESCO yanında Daimi Nümayəndəliyimiz və UNESCO üzrə Milli Komissiya təmsil olunur. Sessiya öz işini 7 dekabra qədər davam edəcək.